Xəbərlər

thumbnail

2024-09-19

“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində 2024-cü il üçün təlimçilər təlimi proqramına start verilib. Bu barədə AZƏRTAC-a Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov məlumat verib. Şöbə müdiri bildirib ki, təlim proqramı Koreyanın “Korean I-Corps Program”, “Lean Startup & Customer Discovery” proqramlarının bir hissəsidir və kurikulumu ABŞ Milli Elm Fondunun “I-Corps” proqramına əsaslanır. Təlim proqramı startaplar üçün biznes modelin komponentləri və müştərilərin kəşf edilməsi üzrə hərtərəfli biliklər əldə etməyə imkan verir. Proqram ənənəvi formatda Koreyada, daha sonra onlayn formatda və nəhayət oktyabr ayında Bakıda texnologiyaların kommersiyalaşdırılmasına dair forumla davam etdiriləcək. Proqram qeyd olunan sahələrdə azərbaycanlı ekspertlərin öz biliklərini daha da artırmağı, təcrübə və biliklərin paylaşılması ilə ölkədəki startapların inkişaf etdirilməsini hədəfləyir. Təlimin ilk günündə Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışaraq builki təlimlərin həm YTP, həm də digər ali təhsil müəssisələri və innovasiya mərkəzlərinin əməkdaşları üçün bacarıqların artırılması baxımından faydalı olacağını diqqətə çatdırıb. Baş direktor YTP-nin gələcək fəaliyyəti ilə bağlı yeniliklərdən bəhs edərək bildirib ki, texnoparkın bazasında yeni yaradılacaq “Sabah City” innovasiya klasteri Azərbaycanda innovasiya proseslərinin geniş vüsət alacağı, texnologiyaların transferi və kommersiyalaşdırılmasının həyata keçiriləcəyi və startapların özünü daha inkişaf etdirə biləcəyi bir məkan olaraq layihələndiriləcək. Daha sonra birinci təlim gününün təqdimatları keçirilib. Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim “I-Corps” proqramı haqqında ətraflı məlumat verərək oktyabr ayına qədər olan təlim prosesinin əhatəli izahının yer aldığı təqdimatla çıxış edib. Koreyanın “INSIGHTORS” şirkətinin icraçı direktoru Roy Hvang biznes model və dəyər təklifi haqqında geniş təqdimatla çıxış edib. İştirakçılar üçün tapşırıqların da yer aldığı təqdimatda qeyd olunan istiqamətlər üzrə nəzəri və praktik biliklər yerli təlimçilər tərəfindən maraqla qarşılanıb. Təlimin ikinci günündə isə Roy Hvang tərəfindən Biznes Model Kanvas və Biznes Modelin Qiymətləndirilməsi üzrə təqdimat keçirilib. Bu təlimlərdə iştirakı uğurla qiymətləndiriləcək 6 nəfər Koreyada ənənəvi formatda keçiriləcək təlimlərdə iştirak hüququ əldə edəcək.

Daha çox rightarrow
thumbnail

2024-09-20

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında “SABAH.city” innovasiya klasterinin yaradılması planlaşdırılır. Bu layihə 20 hektar ərazidə tikiləcək və 2026-cı ildə açılışı olacaq. Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının direktoru Nihat Məcidovun sözlərinə əsasən innovasiya klasterində universitet kampuslarının, elmi-tədqiqat laboratoriyalarının, texnologiya transferi mərkəzinin və innovasiya ekosisteminin və digər iştirakçıların bir fiziki məkanda məskunlaşması nəticəsində sinerjinin əldə olunması hədəflənir. “SABAH.city” insan kapitalının inkişafını, iş yerlərinin yaradılmasını, elmi tədqiqatların kommersiyalaşmasını və bilik transferini dəstəkləyərək Azərbaycanın innovasiya ekosisteminin episentrinə çevrilmək potensialına malikdir. Layihə Azərbaycan gəncləri arasında maraqla qarşılanır və burada iştirakçıların sayı da artıq olacaq. © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.edu.gov.az saytına istinad zəruridir.

Daha çox rightarrow
thumbnail

2024-09-19

08 iyul 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı və “SKY X” layihə qrupu arasında Anlaşma Memorandumu imzalanmışdır. Bu Memorandumun məqsədi Yüksək Texnologiyalar Parkı (YTP) ilə “Sky X” layihə qrupu arasında davamlı əməkdaşlığı təmin etmək, uğurlu layihələr həyata keçirmək və bununla Azərbaycanda innovasiya ekosistemində etibarlı tərəfdaşlara çevrilməkdir. Memorandumu YTP-nin baş direktoru Nihat Məcidov və “Sky X” layihə qrupunun rəhbəri İmran Quliyev imzalamışdır. Memoranduma əsasən YTP tərəfindən “Sky X” layihə qrupuna inkubasiya və akselerasiya proqramlarının (xüsusən də “hardware incubation”) icrası, startap ematalatxasının yenidən təşkili məqsədilə müvafiq yerin ayrılması, investorlara çıxış imkanlarının təmin edilməsi istiqamətində dəstək göstəriləcək. Müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının prototiplərinin hazırlanması üzrə fəaliyyət göstərəcək “SKY X” layihə qrupu həm də gənc mühəndislərin yetişdirilməsi üzrə çalışacaq.

Daha çox rightarrow
thumbnail

2024-09-20

Elm və Təhsil Naziri Emin Əmrullayevin əmri ilə Məcidov Nihat Sərvan oğlu “ETN Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru vəzifəsinə təyin edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sədr müavini Əminağa Sadıqov yeni baş direktoru kollektivə təqdim edib. Əminağa Sadıqov Nihat Məcidovu kollektivə təqdim edərək YT Parkının fəaliyyətinin daha da genişləndirilməsinə nail olacağına, bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, qurumun inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib və ona fəaliyyətində uğurlar arzulayıb. Çıxış edən Nihat Məcidov ölkəmizin əldə etdiyi uğurların və həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq bütün sahələrdə inkişafın olmasına görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirib. Daha sonra o, yeni vəzifəyə təyinatına görə elm və təhsil naziri cənab Emin Əmrullayevə göstərilən etimada görə minnətdarlığını bildirərək, qurumun fəaliyyətinin gücləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Nihat Məcidov 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-2020-ci illərdə ADA Universitetində təhsil alıb, bakalavriat səviyyəsini iqtisadiyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2019-2024 illər ərzində EY, Procter & Gamble, KPMG, McKinsey & Company şirkətlərində müxtəlif vəzifələrdə işləyib. 2024-cü ilin yanvar ayından etibarən son təyinatadək SABAH.HUB innovasiya mərkəzində strategiya və layihələrin idarə olunması şöbəsinə rəhbərlik edib. Ailəlidir.

Daha çox rightarrow
thumbnail

2024-10-30

Azərbaycan və Cənubi Koreya arasında davam edən əməkdaşlıq layihəsi olan "Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması" çərçivəsində, 2024-cü ilin 21-25 oktyabr tarixlərində Koreyadan nüfuzlu nümayəndə heyəti “Yüksək Texnologiyalar Parkının istismar proqramı: Tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində Azərbaycana səfər edib. Koreya hökumətinin dəstəyi ilə Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) rəhbərliyi altında həyata keçirilən bu təşəbbüs 2022-2024-cü illəri əhatə edir və Azərbaycanın texnoloji ekosistemini gücləndirməyi, bacarıqları artırmağı və mühüm tərəfdaşlıqlar qurmağı hədəfləyir. Koreya nümayəndə heyətinin tərkibinə STEPI baş tədqiqatçısı Dr. Eun Joo Kim, Koreyanın Azərbaycandakı səfiri Eun Yong Lee, DeltaTech-Korea şirkətinin direktoru Seong Ho Lee, Seul Milli Elmlər və Texnologiya Universitetindən Prof. John Shim, INSIGHTORS şirkətinin baş direktoru Roy Hwang, Seul Milli Universitetinin professoru Youngtack Shim və STEPI-in baş tədqiqatçısı Dr. Soo. J. Sohn daxildir. Səfərdə həmçinin yerli mütəxəssis kimi Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru Dr. İsa Qasımov da iştirak edərək Azərbaycanın yüksək texnologiyalar sahəsindəki nailiyyətlərinə dair məlumat verib. Bu səfər Koreya və Azərbaycan arasında texnoloji əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır və əsasən texnologiyaların kommersiyalaşdırılması və Azərbaycanın yüksək texnologiyalar infrastrukturunun gücləndirilməsinə yönəlib. Oktyabrın 22-də nümayəndə heyəti Azərbaycanın Yüksək Texnologiyalar Parkının (YTP) baş direktoru Nihat Məcidov tərəfindən qəbul edilib. Görüş çərçivəsində DeltaTech ilə Anlaşma Memorandumu imzalanıb və bu saziş texnoloji inkişaf və qarşılıqlı bacarıqların artırılmasında əməkdaşlığı gücləndirmək məqsədini daşıyır. Bu razılaşmanın yerli innovasiyanı gücləndirərək gələcək birgə layihələr üçün təməl yaradacağı və təcrübə mübadiləsinə imkan verəcəyi gözlənilir. Səfər çərçivəsində oktyabrın 23-də “Texnologiyaların kommersiyalaşdırılması” mövzusunda hesabat seminarı keçirilib. Mərkəzi Elmi Kitabxanada baş tutan bu seminar hər iki ölkədən sənaye mütəxəssislərini, yerli maraqlı tərəfləri və ekspertləri bir araya toplayıb. Açılış çıxışını STEPI baş tədqiqatçısı Dr. Eun Joo Kim edib, daha sonra isə YTP baş direktoru Nihat Məcidov və Koreyanın Azərbaycandakı səfiri Eun Yong Lee təbrik nitqləri ilə çıxış ediblər. Seminar zamanı texnologiyaların kommersiyalaşdırılması ilə bağlı bir sıra vacib mövzular müzakirə edilib. Seong Ho Lee Rəqabətli İnnovasiya Platforması vasitəsilə Tədqiqat və İnnovasiya layihələrinin başlanğıcı barədə təqdimat edib. Prof. John Shim Azərbaycanın ehtiyaclarına uyğun startap və təhsil proqramlarının inkişafını izah edib. Roy Hwang texnoloji startaplar üçün biznes modellərinin əhəmiyyətini vurğulayıb, Prof. Youngtack Shim isə patent və ticarət sirləri ilə biznes modellərinin qorunması üsullarından danışıb. Dr. Soo. J. Sohn, Koreya təcrübəsinin innovasiya ekosisteminin inkişafında rolunu açıqlayıb, yerli ekspert olaraq isə Dr. İsa Qasımov texnologiyaların kommersiyalaşdırılması vasitəsilə inkişaf perspektivlərini dəyərləndirib. Səfər zamanı nümayəndə heyəti Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, SABAH.Hub və Coders ofisində də bir sıra görüşlər keçirib. Bu görüşlərdə təhsil və texnoloji inkişaf sahələrində əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub və qlobal innovasiya standartlarına uyğun qabaqcıl texnologiyalara əsaslanan təhsil proqramlarının genişləndirilməsi üçün birgə planlar nəzərdən keçirilib. Koreya nümayəndə heyətinin səfəri, Azərbaycan və Koreya arasında texnologiya və təhsil sahələrində getdikcə artan əməkdaşlığı əks etdirir. Bu tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Yüksək Texnologiyalar Parkının istismar proqramı” ölkəmizin texnoloji inkişafını sürətləndirəcək, bilik mübadiləsini təşviq edəcək və Azərbaycanın qlobal innovasiya arenasında rəqabət qabiliyyətini artıracaq.

Daha çox rightarrow