Hamısı
Yüksək Texnologiyalar Parkının təlim proqramına başlanılıb
“Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və bacarıqların artırılması” layihəsi çərçivəsində 2024-cü il üçün təlimçilər təlimi proqramına start verilib. Bu barədə AZƏRTAC-a Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin şöbə müdiri Bünyamin Seyidov məlumat verib. Şöbə müdiri bildirib ki, təlim proqramı Koreyanın “Korean I-Corps Program”, “Lean Startup & Customer Discovery” proqramlarının bir hissəsidir və kurikulumu ABŞ Milli Elm Fondunun “I-Corps” proqramına əsaslanır. Təlim proqramı startaplar üçün biznes modelin komponentləri və müştərilərin kəşf edilməsi üzrə hərtərəfli biliklər əldə etməyə imkan verir. Proqram ənənəvi formatda Koreyada, daha sonra onlayn formatda və nəhayət oktyabr ayında Bakıda texnologiyaların kommersiyalaşdırılmasına dair forumla davam etdiriləcək. Proqram qeyd olunan sahələrdə azərbaycanlı ekspertlərin öz biliklərini daha da artırmağı, təcrübə və biliklərin paylaşılması ilə ölkədəki startapların inkişaf etdirilməsini hədəfləyir. Təlimin ilk günündə Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutu (STEPI) ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışaraq builki təlimlərin həm YTP, həm də digər ali təhsil müəssisələri və innovasiya mərkəzlərinin əməkdaşları üçün bacarıqların artırılması baxımından faydalı olacağını diqqətə çatdırıb. Baş direktor YTP-nin gələcək fəaliyyəti ilə bağlı yeniliklərdən bəhs edərək bildirib ki, texnoparkın bazasında yeni yaradılacaq “Sabah City” innovasiya klasteri Azərbaycanda innovasiya proseslərinin geniş vüsət alacağı, texnologiyaların transferi və kommersiyalaşdırılmasının həyata keçiriləcəyi və startapların özünü daha inkişaf etdirə biləcəyi bir məkan olaraq layihələndiriləcək. Daha sonra birinci təlim gününün təqdimatları keçirilib. Seul Milli Elm və Texnologiya Universitetinin professoru Con Şim “I-Corps” proqramı haqqında ətraflı məlumat verərək oktyabr ayına qədər olan təlim prosesinin əhatəli izahının yer aldığı təqdimatla çıxış edib. Koreyanın “INSIGHTORS” şirkətinin icraçı direktoru Roy Hvang biznes model və dəyər təklifi haqqında geniş təqdimatla çıxış edib. İştirakçılar üçün tapşırıqların da yer aldığı təqdimatda qeyd olunan istiqamətlər üzrə nəzəri və praktik biliklər yerli təlimçilər tərəfindən maraqla qarşılanıb. Təlimin ikinci günündə isə Roy Hvang tərəfindən Biznes Model Kanvas və Biznes Modelin Qiymətləndirilməsi üzrə təqdimat keçirilib. Bu təlimlərdə iştirakı uğurla qiymətləndiriləcək 6 nəfər Koreyada ənənəvi formatda keçiriləcək təlimlərdə iştirak hüququ əldə edəcək.