Azərbaycan nümayəndə heyətinin Türkiyənin aparıcı texnoparklarına səfəri uğurla yekunlaşıb

Main Image

29 sentyabr - 1 oktyabr 2025-ci il tarixlərində Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov, baş direktorun müşaviri Abutab Abbasova və "SABAH.HUB" şirkətinin idarə heyətinin üzvü Fərhad Paşayevdən ibarət Azərbaycanın nümayəndə heyətinin Türkiyənin aparıcı texnoparklarına səfəri çərçivəsində yeni işgüzar görüşlər keçirilib. Səfərin əsas məqsədi texnoparkların fəaliyyət istiqamətləri ilə tanış olmaq, beynəlxalq təcrübə mübadiləsi aparmaq və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Görüşlər çərçivəsində nümayəndə heyəti əvvəlcə “Teknopark İstanbul”u ziyarət edərək, Texnologiya, innovasiya və sahibkarlıq üzrə baş direktorun müavini Burak Keskik, “Cube Incubation” mərkəzinin müdiri Uraz Yekeler, işgüzar inkişaf üzrə məsul şəxs Salih Ötegen və digər əməkdaşlarla görüşüb. Səfər zamanı nümayəndələr “Cube Incubation” mərkəzinin fəaliyyəti, kommersiyalaşdırılan layihələr və texnoparkın laboratoriya imkanları ilə yaxından tanış olublar.

Daha sonra nümayəndə heyəti "Uğur Sağlık Teknolojileri" şirkətini ziyarət edərək, tibbi texnologiyalar sahəsində həyata keçirilən innovativ həllər barədə məlumat alıb və bu sahədə potensial əməkdaşlıq imkanlarını dəyərləndirib.

Səfərin növbəti ünvanı isə "İTÜ ARI Teknokent" olub. Burada nümayəndə heyəti şirkətin baş icraçı direktoru Prof. Dr. Atilla Dikbaş, “İTÜ Çekirdek” inkubasiya mərkəzinin direktoru Dr. Yunis Ismayıl, Texnologiya transfer ofisinin baş koordinatoru Serdar Çalış, Əməliyyat və layihə inkişafı üzrə direktoru Dr. Kutay Güneştepe və digər əməkdaşlar ilə görüşüb. Nümayəndələr həmçinin “İTÜ Magnet” və “İTÜ Çekirdek” mərkəzlərini ziyarət edərək startapların inkişafı üçün təqdim edilən dəstək mexanizmləri barədə ətraflı məlumat əldə ediblər.

Son olaraq nümayəndə heyəti “YTÜ Yıldız Teknopark”da baş direktor müavini Yusuf Emre Holoğlu, işgüzar inkişaf və korporativ əlaqələr üzrə menecer İbrahim Duru və digər əməkdaşlar ilə rəsmi görüşdə iştirak edərək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində “YTÜ Startup House” tərəfindən innovativ şəxslərə təqdim edilən infrastruktura da baxış keçirilib.

Beləliklə, həyata keçirilən bu görüşlər iki ölkə arasında innovasiya və yüksək texnologiyalar sahəsində əməkdaşlığın dərinləşməsinə, texnoparkların idarə olunması təcrübəsinin paylaşılmasına və startap ekosistemində yeni imkanların formalaşmasına zəmin yaradır.


Digər xəbərlər

Program Image

27.11.2025

"NEXUS" proqramı çərçivəsində "DeserTech" nümayəndə heyəti Azərbaycanın aparıcı şirkətləri ilə görüşdü

Daha çoxArrow Icon
Program Image

19.11.2025

İsrailin “DeserTech” mərkəzi ilə Anlaşma Memorandumu imzalanıb

Daha çoxArrow Icon
Program Image

10.10.2025

Texnologiya transferi layihəsinin qaliblərinin təqdimat tədbiri keçirilib

Daha çoxArrow Icon