YTP və Fudan Universitetinin nümayəndə heyəti görüşüb

23 dekabr tarixində Yüksək Texnologiyalar Parkı, “SABAH.HUB” və Çin Xalq Respublikasının Fudan Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan ilə Çin arasında ali təhsil, elmi tədqiqat və texnoloji innovasiyalar sahələrində potensial əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı müvafiq təşəbbüslərin həyata keçirilməsi üçün strateji platforma kimi “SABAH.city” layihəsi təqdim edilib. Tərəflər “SABAH.city”nin yüksək texnologiyalar, startaplar, tədqiqat mərkəzləri və sənaye tərəfdaşlıqları üçün yaratdığı imkanları müzakirə edərək, bu modelin beynəlxalq təcrübə ilə sintezinin əhəmiyyətini vurğulayıblar. Xüsusilə texnopark infrastrukturu, innovativ istehsal və texnologiya transferi sahələrində əməkdaşlıq perspektivləri ön plana çıxıb.
Görüş qarşılıqlı anlaşma və gələcək əməkdaşlıq niyyətlərinin ifadə olunması ilə yekunlaşıb.


