Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının operatorunun seçilməsi ilə bağlı müsabiqə elan edilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (bundan sonra - YT Park) daha səmərəli idarə olunmasını təmin etmək məqsədilə operatorun seçilməsi üçün müsabiqə elan edilir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı haqqında qısa məlumat: Yüksək Texnologiyalar Parkı Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 2016-cı il tarixli, 2425 nömrəli Sərəncamı ilə yaradılmışdır. YT Parkın yaradılmasında əsas məqsəd ölkə iqtisadiyyatının davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyinin gücləndirilməsidir.
YT Parkın əsas fəaliyyət istiqamətləri texnologiya transferi, startaplara və innovativ bizneslərə dəstək göstərilməsi, inkubasiya və akselerasiya mərkəzlərinin təşkili və təşviqindən ibarətdir. Eyni zamanda, elmi tədqiqatların kommersiyalaşdırılması və rezidentlərin fəaliyyətinin təşkili də onun prioritetləri sırasındadır. YT Park ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq edərək, elmi tədqiqatların nəticələrinin praktiki həllərə çevrilməsinə və bazara çıxarılmasına şərait yaradır. YT Parkın məqsədi Azərbaycanın tədqiqat, inkişaf və innovasiya sahəsində lider strukturlarından birinə çevrilməsidir.
Müsabiqə yolu ilə seçiləcək operatorun əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarət olacaq:
- YT Parkın fəaliyyəti üçün ayrılmış ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsi;
- YT Parkın infrastrukturunun yaradılması;
- inkubator və texnologiya transferi mərkəzinin yaradılması;
- rezident və digər investorların cəlb edilməsi məqsədilə işlərin aparılması;
- fəaliyyət profilinə uyğun olaraq, innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi üçün elmi tədqiqatların və təcrübəkonstruktor işlərinin həyata keçirilməsi ilə bağlı xidmətlərin göstərilməsi.
Müsabiqə iştirakçılarına dair tələblər:
- İştirakçı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış, müqavilə bağlamaq hüququna malik və 1 milyon Azərbaycan manatı məbləğində ödənilmiş nizamnamə kapitalına malik hüquqi şəxs olmalıdır;
- İştirakçı məhkəmə qərarları ilə müflis elan olunmayan və ya bu prosedura başlanmayan, habelə fəaliyyəti dayandırılmayan hüquqi şəxs olmalıdır.
Müsabiqəyə təqdim olunacaq sənədlərin qəbulu 22 avqust 2025-ci il, saat 17:00-dək YT Parkda həyata keçiriləcəkdir. Müsabiqə predmetinə dair texniki tapşırıq, iştirakçılar üçün təlimat, qiymətləndirmə meyarları və təklif forması “Müsabiqənin Şərtlər toplusu”nda öz əksini tapmışdır. Şərtlər toplusunu əldə etmək istəyən şəxslər həmin tarixədək iş saatlarında təmsil etdikləri qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, reyestr çıxarışının, nizamnaməsinin və öz şəxsiyyət vəsiqəsinin surətlərini YT Parka təqdim etməklə onu əldə edə bilərlər.
Əlaqə: (+99412) 3766756 (Daxili: 102)
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 221
E-mail: a.abbasova@ytp.az (Abutab Abbasova)