“Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib

Yüksək Texnologiyalar Parkının (YTP) və Bakı Avrasiya Universitetinin (BAU) birgə təşkilatçılığı ilə 8 iyul 2025-ci il tarixində “TT Talks” vebinarlar silsiləsi çərçivəsində “Ali təhsil müəssisələrində elmin kommersiyalaşdırılması” mövzusunda vebinar keçirilib.
Tədbirdə YTP-nin İnkubasiya və texnologiyaların transferi mərkəzinin baş mütəxəssisi Ramin Əkbərov spiker qismində çıxış edib.
Vebinar zamanı Ramin Əkbərov elmin kommersiyalaşdırılmasının universitetlər və tədqiqatçılar üçün əhəmiyyətindən bəhs edərək, "Spin-off", "Incubator", "Accelerator" və AKBANK LAB kimi anlayışların innovasiya, startap və korporativ texnologiya sahələrində geniş istifadə olunmasını, onların hər birinin fərqli məqsədlərə xidmət etməsini diqqətə çatdırıb.
Eyni zamanda universitetlərin innovasiya mühitində rolu, yeni ideyaların biznesə çevrilməsi mexanizmləri və elm–sənaye əməkdaşlığının perspektivləri geniş müzakirə olunub. İnteraktiv şəkildə keçən vebinarda sual-cavab sessiyası təşkil olunub, iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. Tədbir BAU-nun professor-müəllim heyəti, doktorant və magistrantları tərəfindən böyük maraqla qarşılanıb.