Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkına yeni rezidentlər qəbul edilib

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkında keçirilən Ekspertlər Şurasının növbəti iclasında innovasiya və texnologiya yönümlü dörd yeni rezidentin fəaliyyəti təsdiqlənib. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Azerconnect Group Solutions, GOFAR və SOCAR Green tərəfindən süni intellekt, yaşıl enerji, elektromobillik və rəqəmsal transformasiya istiqamətlərində həyata keçiriləcək layihələrin “İnnovasiya Şəhərçiyi” ekosisteminə inteqrasiyası ölkədə innovasiya fəaliyyətinin genişləndirilməsinə, texnologiya transferinin sürətləndirilməsinə və insan kapitalının inkişafına mühüm töhfə verəcək.
Təsdiqlənən layihələr çərçivəsində süni intellekt institutları və ixtisaslaşmış laboratoriyaların yaradılması, korporativ sektor üçün AI əsaslı həllərin hazırlanması, elektromobillər üçün inteqrasiya olunmuş smart şarj ekosisteminin qurulması, eləcə də yaşıl enerji texnologiyaları üzrə tədqiqat və innovasiya fəaliyyətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bu çərçivədə rezidentlər üzrə nəzərdə tutulan əsas layihələr aşağıdakı kimidir:
▪️ ADNSU
Universitet tərəfindən fundamental və tətbiqi AI tədqiqatlarını bir araya gətirən Süni İntellekt İnstitutu, həmçinin biotexnologiya, ekoloji-sənaye monitorinqi və hesablama kimyası laboratoriyaları yaradılacaq. Bu mərkəzlər tələbələr üçün müasir tədqiqat mühiti formalaşdırmaqla yanaşı, sənaye problemlərinin həlli üçün süni intellekt əsaslı layihələr hazırlayacaq.
▪️ SOCAR Green
Yaşıl Enerji Ekspert və İnnovasiya Mərkəzi çərçivəsində bərpa olunan enerji və yaşıl texnologiyalar sahəsində tətbiqi tədqiqatlar, laboratoriya imkanları və sənaye yönümlü layihələr icra olunacaq. Yaradılacaq yaşıl enerji laboratoriyasında günəş, külək və enerji saxlama texnologiyaları üzrə elmi-təcrübi işlər aparılacaq.
▪️ GOFAR
Brend istifadəçilər, sahibkarlar və korporativ müştərilər üçün elektromobillərin şarj infrastrukturu üzrə vahid və inteqrasiya olunmuş rəqəmsal platforma təqdim edəcək. Layihə çərçivəsində elektromobillər üçün kompleks smart şarj ekosistemi formalaşdırılacaq.
▪️ Azerconnect Group Solutions
Şirkət korporativ müştərilər üçün süni intellekt və məlumat texnologiyalarına əsaslanan innovativ məhsulların hazırlanması və tətbiqini həyata keçirəcək. Bu istiqamətdə çat-botlar, səsli AI sistemləri, ağıllı analitika modulları və satış proseslərinin avtomatlaşdırılması həlləri qurulacaq.
Yeni rezidentlərin fəaliyyəti universitet-sənaye əməkdaşlığını gücləndirməklə yanaşı, tələbələr və gənc mütəxəssislər üçün xüsusi laboratoriya, təcrübə və təlim proqramlarının təşkilinə, elmi biliklərin real sektora transferinə xidmət edəcək.
Bu təşəbbüslər ölkədə yüksək ixtisaslı insan kapitalının formalaşmasına, yeni iş yerlərinin yaradılmasına və innovasiya potensialının güclənməsinə mühüm töhfə verəcək. “SABAH.city” innovasiya şəhərciyində yerləşəcək yeni rezidentlərin ekosistemə qoşulması rəqəmsal transformasiya və dayanıqlı inkişaf sahələrində əməkdaşlığı genişləndirərək, Azərbaycanın regional innovasiya mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.


