Yüksək Texnologiyalar Parkında Ekspertlər Şurasının iclası keçirilib

23 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında Ekspertlər Şurasının iclası baş tutub. İclasda Şura üzvlərinə parkın son bir ildəki fəaliyyəti, həyata keçirilmiş layihələr və gələcək planlar barədə məlumat təqdim olunub.
İclas zamanı rezidentlik üçün müraciət edən iki namizəd öz innovativ biznes layihələrini təqdim edib. Layihələr texnoparkın fəaliyyət profilinə uyğunluğu, layihənin elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi, innovasiya məhsulunun və ya yüksək texnologiyaların hazırlanması, işlənilməsi və təkmilləşdirilməsi sahəsində prioritetlərə uyğunluğu, həmçinin yüksək texnologiya və ya innovasiya yönümlülüyü baxımından müzakirə olunub və müraciətləri barədə Şura üzvləri tərəfindən müvafiq qərar verilib.
Rezidentlərin texnoparka cəlb edilməsi ölkəmizdə innovasiya ekosisteminin inkişafı, startapların dəstəklənməsi və yüksək texnologiyalar əsasında fəaliyyət göstərən bizneslərin təşviqi baxımından mühüm addım kimi dəyərləndirilir. Bu proses həm gənc sahibkarların ideyalarının reallaşdırılması, həm də elmi-tədqiqat nəticələrinin kommersiyalaşdırılması üçün yeni imkanlar açır.


